FAKÜLTƏ HAQQINDA

FAKÜLTƏ HAQQINDA
Azərbaycanda zootexniklik ixtisası üzrə mütəxəssis hazırlığına 1926-cı ildə Politexnik İnstitutunda heyvandarlıq şöbəsinin yaradılmasından başlanmışdır.

O zaman məhsuldarlığı aşağı olan yerli qaramal, qoyun, digər heyvan və quş cinslərinin yaxşılaşdırılması, onların məhsuldarlığının yüksəldilməsi tələb olunduğundan problemin həlli üçün ilk növbədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması vacib idi. Buna görə də 1932-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun nəzdindəki heyvandarlıq şöbəsinin bazası əsasında Zoobaytarlıq İnstitutu yaradılmışdır. Bir ildən sonra həmin institut Azərbaycan Kənd Təsərrüfatı İnstitutu ilə birləşdirildi. Zoobaytarlıq institutunun iki fakültəsi var idi: zootexniklik və baytarlıq fakültələri.

Zootexniklik fakültəsinin ilk dekanı kənd təsərrüfatı fakültəsinin məzunu akademik F.A.Məlikov olmuşdur. Fakültənin professor-müəllim heyəti ilk günlərdən başlayaraq tədris prosesi ilə yanaşı elmi-tədqiqat işləri də aparırdılar. İlk elmi iş Respublikada heyvandarlığın vəziyyətinin ekspedisiya yolu ilə tədqiq olunması ilə başlanır. Axtarışlar zamanı mühüm əhəmiyyət kəsb edən çoxlu məlumatlar toplanılmış və onların əsasında heyvandarlığın gələcək inkişafına aid tədbirlər planı hazırlanaraq həyata keçirilmişdir.

Zoomühəndislik fakültəsinə müxtəlif illərdə akademik F.A.Məlikov, professorlar C.M.Axundov, A.Ə.Ağabəyli, R.X.Səttarzadə, K.B.Ağalarov, Z.Q.Verdiyev, Q.Q.Abdullayev, dosentlər F.R.Abdinov,S.M.Quliyev, H.M.Hacıyev, Ə.M.Mehdiyev, F.A.Məmmədov, P.A.Cəfərov rəhbərlik etmişlər.

Azərbaycanda heyvandarlığın, eləcə də zootexnika elminin inkişafında tanınmış alimlərdən akademik F.A.Məlikov, EA-nın müxbir üzvü A.Ə.Ağabəyli, professor M.H.Sadıqov, C.M.Axundov, R.X.Səttarzadə, Z.Q.Verdiyev, R.M.Mehdiyev, T.M.Turabov, K.B.Ağalarov, M.V.Abdullayev, Q.Q.Abdullayev, dosentlər F.A.Məmmədov, İ.Ə.Hüseynov, P.A.Cəfərov, H.S.Bayramov, H.M.Hacıyev, H.A.Dəmirov və başqalarının xidmətləri olmuşdur.


Məhz onların gərgin əməyinin nəticəsində minlərlə yüksək ixtisaslı zootexnik hazırlanmış və onlarca elmi işçi yetişdirilmişdir ki, onlardan bir çoxu elə indi də ali məktəblərdə, elmi-tədqiqat müəssisələrində və istehsalatda uğurla fəaliyyət göstərirlər. Həmin illərdə zoomühəndislik fakültəsində 4 elmlər doktoru, professor, 32 elmlər namizədi, dosent və baş müəllim çalışırdı.

Fakültədə heyvanların yetişdirilməsi və yemləndirilməsi, heyvandarlıq məhsulları istehsalının texnologiyası adlı iki kafedra fəaliyyət göstərmişdir.

1997-ci ildən fakültədə yeni ixtisas – “qeyri-ərzaq mallarının əmtəəşünaslığı” üzrə mütəxəssis hazırlığına başlanılmışdır.

Fakültə əməkdaşları tərəfindən akademik F.Ə.Məlikovun, Dövlət Mükafatı laureatı M.H.Sadıqovun yerli mütəxəssislərlə birgə həyata keçirdikləri damazlıq və seleksiya işlərinin nəticəsində “Azərbaycan dağ merinosu” qoyun cinsi, professor A.Ə.Ağabəyli, C.M.Axundov, T.M.Turabov, dosentlər İ.Ə.Hüseynov və S.M.Quliyevin gərgin əməyi sayəsində “Azərbaycan camış cinsi”, Ş.Ə.Rəsizadənin, S.Ə.Qocayevin məqsədyönlü axtarışlarının bəhrəsi olaraq "Qonur Qafqaz" qaramal cinsi yaradılmışdır.

Sonrakı illərdə A.Ə.Ağabəyli və C.M.Axundov məktəbinin davamçıları tərəfindən camış cinsinin genetik seleksiya əsaslarla təkmilləşdirilməsi, onun südlük istiqamətdə inkişaf etdirilməsi sahəsində faydalı işlər aparılmışdır. Təsadüfi deyildir ki, professor T.M.Turabov 1997-ci ildə İtaliyada BMT FAO xətti üzrə dünya camışçılığının mərkəzində milli koordinator və camışçılıq federasiyasının üzvü seçilmişdir.

Əməkdar elm xadimi professor C.M.Axundovun rəhbərliyi ilə, alimlərdən F.A.Məmmədov, Ə.İ.Mehdiyev və R.R.Fərzəliyeva camış südünün kimyəvi və fiziki-texnoloji xassələrini araşdıraraq müxtəlif növ pendir, kərə yağı və qaymağın istehsal texnologiyasını işləyib hazırlamış, professor R.X.Səttarzadə, dosent K.M.ƏIiyev və başqaları Qarabağ atının təkmilləşdirilməsi sahəsində faydalı tədqiqat işi aparmışlar.

«Zebuçuluq və maldarlıqla hibridləşdirmə» problem laboratoriyasının alimləri tərəfindən professor Z.Q.Verdiyevin rəhbərliyi ilə ayrı-ayrı bölgələrdə yüksək məhsuldar və xəstəliyə davamlı zebu növlü hibridlər yaradılmışdır.

Əməkdar zootexnik, professor R.M.Mehdiyevin, professor K.B.Ağalarovun, dosentlər P.A.Cəfərov və Ə.M.Məmmədov “zərif” və “krossbred yunlu” qoyunçuluğun inkişaf etdirilməsi sahəsindəki gərgin fəaliyyəti sayəsində yunluq - ətlik istiqamətli zərifyunlu qoyun cins qrupu yaradılmışdır.

Professor Q.Q.Abdullayev 2012-ci ildə apardığı səmərəli elmi işinə görə Rusiya EA-nın akademiki seçilmişdir. Onun rəhbərliyi altında 10 nəfər namizədlik dissertasiya işini müdafiə etmişdir.

Professor Q.Q.Abdullayev Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun alimləri ilə birlikdə Qərb bölgəsində yerli qoyun cinslərinin bərpası və təkmilləşdirilməsi problemi üzərində çalışır. İllərdən bəri aparılan damazlıq və seleksiya işi nəticəsində Tovuz rayonunun bir sıra təsərrüfatlarında Bozax mənşəli qoyun sürüləri yaradılmış və onlar Azərdamazlıq birliyi tərəfindən nümunəvi damazlıq təsərrüfatları kimi təsdiq edilmiş, cinsin bomitrə təlimatı işlənib hazırlanmışdır və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmişdir.

Bundan başqa professor Q.Q.Abdullayevin rəhbərliyi ilə Ləzgi qoyun cinsi Balakən rayon təsərrüfatında bərpa edilmişdir.

Fakültənin bir çox məzunları respublikamızda və kənarda qabaqcıl tədris və elmi-tədqiqat müəssisələrdə uğurla çalışırlar.

EA-nın akademiki ADAU-nun məzunu Vüqar Bağırov hazırda Rusiya Elm və Təhsil Nazirliyinin aqrar elmlərin koordinasiya və idarə olunması mərkəzinin baş direktoru vəzifəsində çalışır.

Professor Mübariz Nəsibov Rusiya Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda yüksək vəzifədə çalışır, dosent Asəf Ruşanov Naxçıvan MR “Texnologiya Kolleci”nin direktoru və s. göstərmək olar.

Fakültə bir çox qabaqcıl xarici ölkə universitetləri ilə qarşılıqlı əməkdaşlıq edir: İstanbul Universiteti, K.A.Timiryazyev adına Moskva Kənd Təsərrüfatı Akademiyası, Moskva Baytarlıq Akademiyası, Rusiya Heyvandarlıq İnsitutu, Kuban Dövlət Aqrar Universiteti, Türkiyə Ərzurum Universiteti və s.

Fakültəyə tələbə qəbulunun azalması ilə əlaqədar 2002-ci ildə fakültə Baytarlıq təbabəti fakültəsi ilə birləşdirilmiş, 2020-ci ilə qədər “Baytarlıq təbabəti və zoomühəndislik” adı ilə fəaliyyət göstərmişdir. 2020-ci ildə yenidən “Zoomühəndislik” fakültəsi yaradılmışdır. Professor Q.Q.Abdullayev “Zoomühəndislik” fakültəsinin dekanı seçilmişdir. Hazırda fakültədə “Zoomühəndislik” və “Balıqçılıq” ixtisasları üzrə kadr hazırlığı uğurla yerinə yetirilir.