ADAU əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Balıq məhsulları istehsalının texnologiyası kafedrasının müdiri, professor Namiq Mustafayevin həmmüəllifi olduğu elmi məqalə "Elsevier" nəşriyyatının yüksək impakt faktorlu Regional Studies in Marine Science jurnalında dərc olunub.

“DNA barcoding resolves the identity and invasion pathway of the non-indigenous goby genus Rhinogobius (Gobiiformes: Oxudercidae) in the Caspian Sea basin, and reveals cryptic diversity within the native range” adlı elmi məqalə ADAU əməkdaşı Namiq Mustafayevin, eləcə də beynəlxalq işçi qrupunun üzvləri – Azad Teimori, Hamid Reza Esmaeili, Keyvan Abbasi, Fereshteh Pourhosseini, Mina Motamedi və Boris A. Levinin birgə elmi fəaliyyətinin nəticəsidir.

Tədqiqat çərçivəsində molekulyar-genetik üsullardan – mitoxondrial COI geninin DNT barkodlaşdırılmasından (DNA barcoding) istifadə edilərək Xəzər dənizi hövzəsində yayılmış və yerli ixtiofaunaya aid olmayan, Asiya mənşəli invaziv xul (Rhinogobius) cinsinə aid populyasiyaların dəqiq növ mənsubiyyəti və onların bölgəyə gəlib çıxma yolları öyrənilib. Tədqiqat zamanı Azərbaycandan (Kür çayı sistemi və Əyriçay), İrandan, Qırğızıstandan və Özbəkistandan toplanmış xul balığı nümunələri analiz edilib.

Tədqiqatın nəticələri həm Xəzər hövzəsindəki bioloji invaziyaların mənşəyinin aydınlaşdırılması, həm də akvakultura fəaliyyətlərinin ekoloji risklərinin idarə olunması və molekulyar taksonomiya sahəsində çox mühüm qlobal elmi əhəmiyyət daşıyır.

Məqalənin dərc olunduğu Regional Studies in Marine Science jurnalı Scopus və Web of Science beynəlxalq elmmetrik bazalarında Q1 kvartilində indeksləşir.

Məqalənin tam mətni ilə aşağıda təqdim olunan keçid vasitəsilə tanış ola bilərsiniz:




ADAU əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub